Tarixim ilə fəxr edirəm!


Keçmişimizi unutmaq olmaz
 
AnasayfaTakvimGaleriMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş

Paylaş | 
 

 QƏDİM ÇİN FƏLSƏFƏSİ

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
VƏKİL CƏFƏRLİ

avatar

İsmarıc sayı : 79
Kayıt tarihi : 29/11/11

Yeni mövzuMövzu: QƏDİM ÇİN FƏLSƏFƏSİ   C. Dek. 09, 2011 11:44 am

Qədim Çin fəlsəfəsi


Qədim Çində, xüsusilə quldarlıq cəmiyyətinin formalaşdığı dövrdə (b.e.ə. VIII–VI əsrlərdə) ideologiyada iki tendensiya hökm sürürdü. Bunlar mühafizəkar və mütərəqqi, mistik və materialist xətlər idi. Bu iki tendensiya arasında gedən mübarizə gedişində 5 dünya elementi (metal, ağac, su, od, torpaq) haqqında sadəlövh materialist ideyalar getdikcə daha geniş şəkildə yayılırdı. Həmin dövrdə, eyni zamanda iki zidd başlanğıclar (in və yan), təbii qanun (dao) və s. haqqında II– I minilliklərin mövcud biliklərinin ümumiləşdirilməsi nəticəsi kimi təsəvvürlər geniş yayılmışdır.

Ümumiyyətlə, Çində fəlsəfi cərəyanların formalaşması b.e.ə. VI–V əsrlərə aiddir. Onlar Çin milli xarakterinin və sosial praktikanın bütün spesifikasını özündə əks etdirirdi. Çin fəlsəfəsi millətin patriarxal cizgilərini və praktikanın konkret əməli oriyentasiyasını təzahür etdirirdi. Çin fəlsəfəsində Qədim Hindistana və digər ölkələrə xas olan zəngin mifoloji zəmin yox dərəcəsindədir. Çin fəlsəfəsi əsas etibarilə praqmatikdir və axirət dünyasına deyil, bu günkü günün praktikasına müraciət etməsi ilə fərqlənir. Qədim Çin fəlsəfəsinin mənbələrini ilk Çin yazılı abidələri, xüsusilə məşhur "Dəyişikliklər kitabı" ("İtszin") və ona olan şərhlərdə axtarmaq lazımdır. Bu kitab "Şerlər kanonu"– "Şi tszin" kitabı ilə birlikdə Hindistanda Upanişadların oynadığı rola malik olmuşlar.


Mündəricat



Daosizm


Qədim Çin fəlsəfəsinin inkişafında daosizm (Lao tszı– nın "dao") – şeylərin yolu haqqında təlimi mühüm rol oynamışdır. Lao– tszı (b.e.ə. VI əsrin ikinci yarısı və V əsrin birinci yarısı) daosizm fəlsəfəsi məktəbinin banisi olmuşdur. Filosofun əsas ideyası odur ki, insanların və təbiətin həyatı "səma iradəsi" ilə idarə olunmur, müəyyən yolla– dao ilə getməkdədir. Dao – şeylərin özünün təbii qanunudur. Həmin qanun Tsi (hava, efir) substansiyası ilə dünyanın əsasını təşkil edir. Lao–tszı ("qoca müəllim") belə hesab edirdi ki, dünyada hər şey hərəkətdə və dəyişmədədir, hər şey mütəmadi olaraq dəyişir. Bu inkişafın necə getməsindən asılı olmayaraq ədalət təntənə çalır. Qanun belədir. İnsan şeylərin təbii gedişinə qarışmamalıdır. İşə qarışmamaq, yaxud "hərəkətsizlik" (uvey– gerçəkliyə seyrçi münasibət) dao– nun insana münasibətdə əsas tələblərindən biridir. Bu, "təbiiliyə əməl edilməsi" deməkdir. Bu, adamların həm sosial, həm də fərdi fəaliyyətinə, həm də onların idraki fəaliyyət sahəsinə də aid edilir. Lao–tszının ideyaları təxminən b.e.ə. IV–III əsrə aid edilən "Dao– de tszin" kitabında ifadə olunmuşdur. Kitabda aşağıdakı anlayışlar işlədilir: De – daonun insanların davranışının, həmçinin şeylərdə predmetləşmiş konkret təzahürüdür. Tsi – daonun predmetləşməsi nəticəsində yaranan xırda maddi hissəciklərdir. Yüngül, işıqlı tsi hissəcikləri kişi başlanğıcı– yan–ı yaradır, ağır, qaranlıq hissəciklər isə qadın başlanğıcı in–i yaradır. Bu iki başlanğıcın çulğalaşması nəticəsində daoistlərin fikrincə dünyada olan bütün şeylər yaranır. Öz inkişafında bir sıra tsiklləri keçən "hər bir şey öz kökünə qayıdır, yəni ilkin hissəciklərə bölünür". Jen – insansevərlik. Li – ritual. Daoistlərə görə, adamların ilkin təbiətlə vəhdətinə qayıdışı, sənətdə və əkinçilikdə əmək alətlərindən imtina edilməsi, mürəkkəb ictimai təşkilatlardan– dövlətdən, siniflərə bölgüdən, alimlər təbəqəsinin müdrikliyindən imtina onlara sakit, xoşbəxt həyat keçirməyə imkan verər. Lao–tszı sosial gərginliyin səbəbkarı kimi hakimiyyət hərisləri olan eqoist müdrikləri sayırdı. Onları adamların arasında çaxnaşma salan adlandıraraq müdriklərə hörmət olunmasından imtina etməyi məsləhət görürdü. O, müdriklərə hörmət edilməməsini xalqın itaətə gətirilməsinin yeganə şərti hesab edirdi. Ümumiyyətlə, daosizmdə dialektik ideyalar, idrak təlimi, etik və sosial– siyasi baxışlar mühüm yer tutmuşdur.

Konfutsi təlimi


Daosizmdən sonra qədim Çində geniş yayılmış təlimlərdən biri də Konfutsi təlimidir. Təlimin banisi Kon–Fu–tszı (b.e.ə. 551– 479– cu illər, ona çox vaxt Konfutsi deyirlər)– görkəmli mütəfəkkir, siyasi xadim olmuşdur. O, qədim kitabları qaydaya salmış və "Dəyişikliklər kitabı"na ("İtszin") şərhləri tərtib etmişdir. O, müşavir olduğu Lu dövlətinin salnaməsini tərtib etmişdir. Konfutsinin baxışları başlıca olaraq "Söhbətlər və mühakimələr" ("Lun Yuy") kitabında toplanmışdır. Bu kitab onun ardıcılları və şagirdləri tərəfindən tərtib olunmuşdur. Konfutsi təlimində biz başqa bir ənənəni müşahidə edirik. Burada əyanlara hörmət, cəmiyyət içərisində subordinasiyanın ciddi şəkildə qorunması və digər etik normalara riayət edilməsi tələblərinə rast gəlmək mümkündür. "Syao"– "valideynlərə hörmət", "di"– "böyük qardaşa hörmət", "çjun"– "öz ağasına, hökmdara sədaqət" kimi kateqoriyalar konfutsi təlimində mühüm yer tutur. Konfutsi təhsilə və tərbiyəyə böyük yer verirdi. Bununla yanaşı o, belə hesab edirdi ki, əyanların nümayəndələri anadangəlmə hikmətə əsaslanan, ali bilik hesab olunan müdrikliyə nail olmalıdırlar. "Səma hökmdarı" nı və ruhların mövcudluğunu qəbul edən konfutsi taleyə inanır, daoistlərdən fərqli olaraq ənənəvi dini baxışları müdafiə edirdi. Bizim eradan əvvəl II əsrdə imperator Udinin zamanında konfutsiçilik qanuni qüvvəyə mindirilib, rəsmi Çin ideologiyası elan edilmişdir. Konfutsi özü isə ilahiləşdirilmişdi. "Lunyuy"kitabında aşağıdakı anlayışlar verilir: Jen (hərfən: "insansevərlik")– konfutsiçi etik kateqoriyasıdır. Jen prinsipi bildirir. "Özünə rəva görmədiyini, başqasına da rəva görmə." Li (hərfən: "seremonial", "ritual", "hörmət")– konfutsiçi etikanın kateqoriyası olub, geniş qaydalar məcmusunu əhatə edərək hakimlər və təəbələr, bütün ictimai qruplar– təbəqə, nəsil, ailə və s. arasında, eləcə də ayrı– ayrı adamlar arasında münasibətləri nizamlamağı əks etdirmişdir. Hindistanda vedizm hansı rolu oynayırdısa, Çin üçün də konfutsiçilik həmin əhəmiyyətə malik olmuşdur. O, mühüm ortodoksal (öz məsləkində ardıcıl və sabit olan) məktəb olmuşdur. Doğrudur Hindistanda çoxlu məktəb olsa da onlardan heç biri rəsmən prioritet məktəb hesab olunmamışdır. Çində isə əksinə, konfutsiçilik (b.e.ə. II əsrdə) rəsmi dövlət ideologiyası statusu əldə etmiş və onu yeni dövrə qədər saxlaya bilmişdir.

Konfutsiçiliyin əsas müddəaları aşağıdakılardır: 1. Konfutsi baxışlarının əsasında Səma haqqında ("Tyan") ənənəvi dini təsəvvürlər dururdu. Bu böyük başlanğıc, ali Allah öz iradəsini insana diqtə edirdi. Səma ümumi əcdaddır və baş hakimdir, dünyaya insan nəslini gətirərək ona həyati qaydalar bəxş edir. 2. Tyan kultu konfutsinin sosial təlimi ilə əlaqədar idi. Burada hər kəsin öz işini görməsi və subordinasiyaya uyğun olaraq hərəkəti nəzərdə tutulurdu. 3. Daosizmdən fərqli olaraq konfutsiçilikdə rituala, etiketə, yazılmayan qaydalara üstünlük verilir. Buna müvafiq olaraq Li– yə riayət edən "xeyirxah insan" haqqında təlim mövcud olmuşdur. "Xeyirxah insan", hər şeydən əvvəl, qanunları pozmamaq haqqında düşünür, o, ritualın tələblərinə riayət etməyə borcludur. Bu isə özündə bir çox əxlaqi qaydalara riayət edilməsini birləşdirir. Li– şeylərin qoyulmuş qaydasıdır. 4. Konfutsi həm də pedoqoq olmuşdur. Onun təlimində pedoqoqika, tərbiyə problemləri mühüm yer tutmuşdur. Burada qədim Çin ənənələrinin öyrənilməsinə diqqət yetirilmişdir. Konfutsiçilik özünün "ortalıq" nəzəriyyəsi ilə məşhurdur. Bu nəzəriyyə sonralar onun ardıcılları tərəfindən inkişaf etdirilmişdir. Məsələn, XII əsrdə Yeni konfutsiçilər "ortalıq haqqında" təlimin mənasını belə izah edirdilər: həyatın məqsədi– şeylərin mahiyyətini bilməkdir; şeylərin mahiyyətini yalnız biliyin köməyi ilə anlamaq mümkündür; bilik də öz növbəsində qəlbin təbiətini dəyişdirməyə və bədəni təkmilləşdirməyə kömək edə bilər. Biliyin əsasında "səma əqlinin" - qanunun dərk edilməsi durur. Əql – səma qanununu öyrədir ki, yalnız iki şey var: bunlar yalan və doğru olandır. Kim həqiqətə qulluq edirsə, xeyirxahlıq yaradır. Kim yalana qulluq edirsə, şər yaradır. Valideyinlərə xidmət onlara hörmətlə bağlıdır. Ağaya xidmət ona sədaqətlə bağlıdır. Hər cür xidmət həqiqətin və yalanın fərqləndirilməsinin, həqiqətin seçilməsi isə onun əməllərə çevrilməsini tələb edir. Konfutsiçi konsepsiya insanla sosium, müəyyən qaydaların (Li) qoruması ilə bağlı harmoniya etikasına əsaslanır. Daosizm konsepsiyası isə insanla kosmosun harmonizasiyası ideyasını irəli sürür. "Çjuan– tszı" adlı qədim traktatda deyilir: Konfutsi təsdiq edirdi ki, o, "insanda səyahət edir", daoistlər isə deyirdilər ki, onlar "insandan kənarda səyahət edir". Belə nəticəyə gəlmək olar ki, konfutsiçilik Çin ənənəsinə, daosizm isə dünya fəlsəfəsinə mənsubdur. Daoistlərin sosiumdan kənara– kosmosa çıxmaq cəhdləri şəxsiyyətin "yer" dairəsindən, qapalılıqdan və dövlətçilikdən ümumibəşəriliyə çıxışı bildirir.Bütün zamanlarda insana ümumbəşəri keyfiyyətlər xas olmuşdur. Nəticədə insanın özünü mikrokosmos - kosmosun təbii elementi hesab etməsi mümkünlüyü irəli sürülmüşdür.
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax
(¯`¢єунυη´¯)
Admin
Admin
avatar

İsmarıc sayı : 158
Kayıt tarihi : 29/10/11
Yaş : 19
Şəhər/ölkə : Azərbaycan(Bilesuvar)

Yeni mövzuMövzu: Geri: QƏDİM ÇİN FƏLSƏFƏSİ   C. Dek. 09, 2011 11:57 am

maraqlıdır.
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax http://tariximiz.azerbaijaniforum.com
 
QƏDİM ÇİN FƏLSƏFƏSİ
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Tarixim ilə fəxr edirəm! :: Dərsliklər :: 7.sinif-
Keç: